Dini hekayə

İmam Hüseynin (ə) salamı!

Kərbəladan qayıtdığım gün dostlarım məni söhbət üçün məscidə dəvət etdilər: gəl bizimlə təəssüratlarını bölüş- içlərindən biri dedi. Mən də həmin gecə ziyarətdə gördüklərimdən, hiss etdiklərimdən ağızdolusu danışmağa başladım. Dinləyənlərin gözlərindəki yaşı, parıltını, sevinci gördükcə, elə bil daha da vəcdə gəlirdim. “İmam Hüseyn səni çox sevir”- məni dəvət edən dostum bu sözləri elə inamla dedi ki, hiss elədim ki, burda olanlardan heç birinin buna zərrə də olsa şübhəsi yoxdu. Ancaq mən buna inanırdımmı, inanmırdımmı, bu barədə heç bir fikrim yox idi.
Həmin məclis çox gec qurtardı. Gecə yarıdan xeyli keçmiş, küçələrdə melanxolik əzadarlardan başqa kimsə qalmamışdı. Hərə öz evinə dağılaşanda mən də pay-piyadə, zil qaranlıqda, tək-tənha evimə yola düşdüm. Məscid xeyli arxamda qalmışdı və ətrafda heç kim yox idi, bəlkə də var idi, lakin mən qaranlıqda seçə bilmirdim. Belə məqamlarda məşhur səhabə Malik Əştərin bir sözü yadıma düşürdü: “gecənin qaranlığında bir vəhşi heyvan mənə hücum eləsə, nəinki qorxmaram, heç gözümü də qırpmaram”. Bəli, məhz indi ilahi məclisin ab-havası canımda olanda mən də özümü o cür hiss edirdim. Məncə Malik Əştəri indi, yəni onun ruhuna yaxın olduğum vaxt daha yaxşı anlayıram. Görünür övliyaları anlamaq üçün Allah onlar kimi olmaq fürsətini hərdən bizlərə də lütf edir. Yəqin dostlarım haqlıymış imam məni sevməsəydi, Allah bu incə və dəyərli hisləri mənə yaşatmazdı.
Ayaq saxlayıb önümdə uzanıb gedən qaranlıq, boş yollara baxdım: irəlidə bir ağacın arxasından gələn işıq aydınca seçilirdi. Oranın bir mağaza olduğunu və hər gecə bağlanandan sonra ortayaşlı bir kişinin əsasına söykənərək mühafizəçi dayandığını xatırladım. Dükana yaxınlaşarkən tez tez gördüyüm, ancaq yaxından tanımadığım adamla hal-əhvalmı tutum, yoxsa salam verib önündən düzmü keçim deyə götür-qoy edirdim. Normalda söz ağzımdan bir növ kəlbətinlə çıxar, ancaq bayaq sizə xatırlatdığım iıahi məclisin ab-havası canımda olanda içimdə hamıyla söhbət etmək, hamının qayğısına qalmaq, hətta onlar üçün ən sevdiyim şeyləri fəda etmək istəyi təəccüblü dərəcədə şiddətlə baş qaldırırdı.
Mühafizəçiyə yaxınlaşdım və salam verdim. Elə bil məni gözləyirmiş kimi cəld ayağa qalxıb salamımı aldı: hardan gəlirsən?- dərhal soruşdu- təklikdən darıxırmış yəqin.
-məşədi dadaş məscidindəydim- dedim- imam Hüseyn məclisindən gəlirəm.
Bunu deyəndə qaşlarını qaldırıb, başını yüngülvari arxaya itələyib qaytardı. Mənə elə gəldi demək istəyirdi ki, “hə belədirsə, normaldı”. Bəlkə də başqa şey düşündü, hər halda niyyətini tutmadım, çünki başqa suala keçdi.
– Kərbəlada olmusanmı heç?- soruşdu.
– bəli,- cavab verdim,- bu yaxınlarda qayıtmışam.
– heç olubmu ki, gedəndə İmam Hüseynə salam deyəsən.
mən- hə- deyəndə, o ara vermədən təkrar soruşdu;- bəs olubmu ki, imam da sənə cavab versin? Bunu deyəndə dayandım, o da mənimlə bərabər dayandı. Gözlərini düz üzümə zilləmişdi, sanki nə düşündüyümü bilmək istəyirdi.
Mən bir anlıq qeyri-adi sualdan çaşıb, həmsöhbətimin normal insan olduğunu bilmək üçün gözlərimi onun alnında, burnunda, gözlərində gəzdirdim; kifayət qədər dərrakəli və mədəni adama bənzəyirdi. Dilim topuq çala-çala dedim: yəqin, alıbdı, ancaq mən eşidə bilməmişəm.
-Yox, ola bilməz- qətiyyətlə dedi- imam cavab versəydi eşidərdin.
Mən susdum, doğrusu nə deyəcəyimi bilmirdim. Yəqin mənim kimi oxuduqlarından danışır, deyə düşündüm.
Məndən cavab gəlməyəndə özü əlavə etdi:
-amma mən nə vaxt imama salam versəm, hökmən cavabını alıram. Heç Kərbəlaya filan da getməmişəm.
Mən hələ də donub qalmışdım, üzümdə heç bir ifadə yox idi. Bilmirdim onun sözlərinə ciddi yanaşım, yoxsa məcazi olaraq qəbul edim.
O necə olur- soruşdum- Kərbəlaya getmədən?
-dayan göstərim- əsanı yerə atıb dizlərini torpağa qoydu və əlini sinəsinə dayayaraq yanıqlı səslə dedi: Əssəlamu əleykə ya Əba Əbdullah!
Dərhal da daşdanmı, torpaqdanmı, ağacdanmı, gözgörməz məchul uzaqlardanmı hardansa bir səs eşidildi: “və eleykum salam”
İndi mən onun ayaqlarına çöküb ağlaya-ağlaya yalvarmağa başladım:
-ağanın səsiydimi o?…sən Allah onun səsiydimi? Mənə də öyrət, mən avam adamam- uşaq kimi hıçqıra-hıçqıra ağlayırdım. Əllərimdən tutub məni qaldırdı.
-Tələsmə hələ- dedi- mənim kimi et görüm ağa sənə də cavab verirmi?
Mən gözümdən yaş süzülə-süzülə, təvəkküli dizlərimi yerə atıb, ürəyimdə imam Hüseynə yalvarmağa başladım: ağa, ola bilsin indiyə kimi ləyaqətim olmayıb, özüm haqqında görünür, lazım olandan yüksək düşünmüşəm, ancaq indi səndən nə qədər uzaqda olduğumu anlayıram. Ağa, məni bu kişinin yanında xəcalətli eləmə…Əssəlamu əleykə ya Əba Əbdullah…
Dodaqlarımdan qopan bu kövrək sözlər yenicə bitmişdi ki, eynın bayaqki kimi məchul uzaqlardan səs eşidildi: və əleykum salam.
Mən dərindən bir ah çəkdim. Mühafizəçi əsasını başımın üstünə qaldırıb sərtçə dedi:
-vallah imam salamını almasaydı, mən özüm bu ağacla səni vuracaqdım. Heç olan işdirmi ki, neçə il kərbəlaya gedib-gələsən, hamıya imam Hüseyndən danışasan, ancaq onunla heç Allahın salam-sağolun da etməyəsən.
Mənim dinmədiyimi və hələ də yerdə dizüstə qaldığımı görəndə sözünü bitirdi, əlini uzadıb məni yerdən qaldırdı.
-mən də ziyarətə gedə bilərdim -dedi- amma getsəydim yalnız mənim üçün deyil, başqaları üçün də həll edə bilməyəcəyim problemlər yaranacaqdı. Seçim arasında qaldım və vəzifəmin getməmək olduğunu düşündüm.
Əlini çiynimə vurub üzümə baxdı, deyəsən təskinlik etmək istəyirdi, ancaq nəyə görə olduğunu yenə də anlamadım.
O gündən xeyli vaxt keçib. Artıq məclisdə məni söhbətə dəvət edəndə təvazökarlıqla deyil, tam səmimiyyətlə deyirəm: xeyr, qoy layiq olanlar danışsın.

10.09.2020.

 

0 Yorum
Inline Feedbacks
View all comments
Scroll to Top