Xanım Zəhraya (s.ə)
Unudub dünyanın dərdi-qəmini,
Bir matəm libasın əynimə geynim.
Mən sənə bir ömür ağlaram ancaq,
Ömrüm göz yaşımdan qısadı neynim.
Mən sənə qəlbimi verə bilərəm,
Qəlbimdə nə var ki daşdan savayı,
Önünə qoymağa heç nəyim yoxdu,
Gözümdən süzülən yaşdan savayı.
Sən mənim canıma tanış gəlirsən,
Səni görməsəmdə adın yad deyil,
Bəzən də bir nəhəng darıxmaq gəlir,
Bu adi bir həsrət, bir fəryad deyil.
Bu şeiri mən sənə yazmışam, xanım!
Ən gözəl şeir də adlana bilər.
Götür ürəyimi öz ovcuna qoy,
Ürəyim kövrəkdi tez sına bilər.