İmam və tacir

Məhərrəmlik başlayanda elə bil qəsəbəmiz geyimini dəyişib qara libas geyirdi. Evlərin damından qara bayraqlar asılır, küçələrdə mərsiyələr oxunub, ehsan süfrələri açılırdı. Keçən il əzadarlığa bir gün qalmış məscidimizin çoxlarının adını bilmədiyi elə hacı olaraq tanıdığı, xitab etdiyi imamı bir məclis təşkil edib dindən imandan imam hüseyndən danışdı. Söhbətin axırında üzünü biz məhəllə gənclərinə tutub dedi: ən yaxşı tacir Allahdı allahla ticarət edin allaha istədiyini verin ki o sizə lazım olanı artıqlaması ilə versin
Uzun illərdi bu məscidə elə hacının yanına gedib-gəlirdim. Yeniyetmə yaşlarımda imam Hüseyndən danışan hacını dinləyəndə bir anda elə bil imamı gözlərimin önündə görmüşdüm. Həmin görüntü hələ də gözlərimdən sırğa kimi asılıb. Məni dinə gətirən də elə o görüntü oldu. Arada keçən bu 10 ili çox kəşmekeşli, qarışıq və müəmmalı yaşadım. Narazı qaldığım, iyrəndiyim, bezdirici həyatımı dəyişdirəcək, günlərimə məna, ləzzət, ibrət qatacaq o dəyişilmə, zülmətdən nura çıxma anını, ilahidən gələcək olan o müqəddəs toxunuşu səbirsizcə, yorğunca gözlədim. Və özümü bu sirli, ali prosesə illərlə gizli-gizli bəzən özümdən xəbərsizcəsinə amma zövqlə hazırladım. Hacının son sözlərini dinləyəndə bu fürsət o fürsətdi deyib əlimlə çənəmi ovuşdura-ovuşdura məscidin sütununa söykəndim: Allahın istədiyi imama məhəbbətdi. Bu sütuna necə söykənmişəmsə imam Hüseyn məhəbbətinə də elə söykənib Allaha doğru yol getmək lazımdır.
Elə bu fikirlə məsciddən çıxdım və məhəllənin boş küçələri ilə sərgərdancasına gəzişməyə başladım: diqqət etmədiyim, hara apardığını bilmədiyim yol məni qəsəbəlilərin “tövbə evi” dediyi, xüsusən hər 4cü gün özünü günahkar adlandıran insanların axını ilə dolub daşan hüseyniyəyə apardı. Bomboş, hüzurlu,səssiz-səmirsiz həyəti görəndə öz- özümə düşündüm: gedim təklikdə tövbə və duamı edim.
Görünür mənim kimi buranın boş olacağını zənn edib heç kimin gözünə görünmədən tövbə etmək istəyən bir qəsəbəlidən başqa içəridə heç kim yox idi. Qapını nə qədər astaca örtsəm də qəsəbəli varlığımı duydu; tez çönüb mənə baxdı və qalxıb salam verərək hüseyniyyədən çıxdı. Onu tanıdım: aşağı məhəllənin taciri idi. Neçə ildi ticarətlə məşğul olurdu.
Artıq tək idim. Tövbə və dua etmək, məhərrəm ayını daha tutarlı, yaddaqalan, xeyirli keçirmək üçün ətrafa səpələnmiş düşüncələrimi toparlayıb bir çıxış yolu tapmaq istəyirdim. Sabahkı əzadarlıq bəlkə də artıq həyatımın sonuncu Nuh gəmisi idi. Səcdəyə getdim. Ancaq yeni tapıntım mənəvi aləmlə aramdakı rabitəni qayçı kimi kəsdi. – küçələr boyunca ehsan süfrələri açaram, qapı-qapı gəzərək insanları bir- bir dəvət edərəm, özüm hər birinə xidmət göstərərəm. Lazım olan pulu da, elə bayaqkı tacirdən alaram. Tövbə evindən çıxıb birbaş tacirin evinə getdim.
Tacir məni 2 mərtəbəli evinin gül-çiçəkli həyətində xoş və gülərüzlə qarşıladı. Yaşı 60 ı çoxdan ötmüş bu qoca taciri mən uşaqlıqdan tanıyırdım. O vaxtlar məhəllədə məhərrəmliyə bir neçə ay qalmışdan söhbətlərimiz olurdu. Hamı imam Hüseynlə arasındakı sirli, məhrəm rabitədən danışırdı. Yadımdadı çoxlarının soyuq, rəhmsiz, namazları qəzaya verdiyi üçün səhlənkar biri kimi tanıdığı tacir imamdan danışanda əvvəlcə duruxdu sonra uşaqlığından danışmağa başladı. Elə ürəklə, səmimiyyətlə danışırdı ki, hamı qeyri- ixtiyari gözlərini ona zilləmişdi və həyəcanla söhbətinin nə ilə bitəcəyini gözləyirdi. Mən uşaq idim- tacir fikirli- fikirli dedi- bir gün anam dedi, gəl mənimlə məscidə gedək. Əlimdən tutub məni məscidə apardı. İnsan izdihamını, mərsiyələri, göz yaşlarını görəndə təəccüblə soruşdum: kim ölüb? Anam gözünün yaşını silə silə dedi- peyğəmbərin nəvəsi imam Hüseyn. Ardınca da divarda at üstündə başı aşağı ağlayan imamın şəklini göstərdi. Bu söz və görüntü məndə elə qəribə hisslər oyatdı ki indi ifadə edəmmirəm, elə bil uşaq zehnimlə imamın o vaxtkı yaşamını gördüm, onun hərəkətlərini, yerişini, gülüşünü, ölümünü. Hamısı bir-bir gözümün önündə idi. Anamdan soruşdum ki, bəs imam niyə öldü? Dedi, çünki tək qoydular. Heç kimi yox idi. O vaxtdan özümə söz verdim ki, imama kömək edəcəm. Əlimə elə bir fürsət düşsün ki, təmənnasız imamın qulluğunda dayanım. Ancaq hələ də bu fürsəti tapa bilməmişəm.
Tacirin kövrək və sevimli xatirəsi məni daha da ürəkləndirdi. Yəqin lazım olan məbləği asanlıqla verər- deyə düşündüm və ona niyyətimdən danışdım. Üzümə bir az diqqətlə baxıb nəsə xəyala daldı, bir anlıq mənə elə gəldi ki, başqa aləmə gedib qayıtdı bəlkə keçmişə, itirilmiş zamanlarına baş çəkdi. Nəhayət cibindən bir kağız çıxarıb mənə uzatdı və dedi: dediyin məclisləri, ehsan süfrələrini ən yaxşı formada etmək üçün nə qədər pul lazımdısa artıqlaması ilə yaz bura. Mən kağızı götürüb ümumi məbləği düşündüm ancaq tacir dediyi kimi ən yaxşı formada etmək üçün kifayət qədər çox pul tələb olunurdu. Kişi elə bil tərəddüdümü oxuyub məni daha da ürəkləndirdi- qorxma yaz, ən yaxşı formada təşkil edərsən. Yaz, qol çəkəcəm sonra mənim ofisimə get bu çeki ver ora ordan sənə pulu verəcəklər. Məbləği yazıb çeki tacirə qaytardım amma tərəddüdüm hələ də getməmişdi, bəlkə çox yazdım elə azından da oldum , bütün fürsəti də itirdim. Tacir çeki götürdü və həyətdəki masasının üstünə qoydu. Əliylə pulun miqdarı yazılan yeri qapadıb o biri əli ilə qol çəkdi və təkrar mənə uzatdı. Mən bilmədim sevinim ya bu insanın bu incə düşüncəsinə ağlayımmı . Pulun sayına belə baxmadı.
Həmin məhərrəmlikdə Mən məhəllə boyunca gözəl məclislər təşkil edib, ehsan süfrələri açdım.hamısın da tacir bir- bir gəlib özü maraqlanır, bəzən mənimlə qapı-qapı düşüb camaatı dəvət edirdi.
Aradan günlər, həftələr keçdi. Bir gün günorta namazını qılıb məsciddən çıxarkən gördüm ki, hamı yerə yıxılmış bir kişinin başına toplaşıb. Yaxınlaşan kimi tanıdım, bu həmin tacir idi. Göz yaşlarımı saxlaya bilmədim. Elə bil öz doğmamı itirmişdim. Taciri yuxarı məhəllədə dəfn elədik. Cənazə namazında onun üçün dua elədim. Mənim illərdir gözlədiyim fürsəti o mənim üçün yaratmışdı. Ancaq yenə də onun üçün narahat idim, aqibəti məni çox düşündürürdü. Onunla birlikdə qapı-qapı gəzdiyimiz insanları, getdiyimiz evləri, açdığımız ehsan süfrələrini düşündükcə içdən-içə kədərlənir elə bil qəm quyusuna dalırdım. Və nəhayət bir gün
Yəqin ki həyatımın ən yaddaqalan mənalı yuxularından birində onu, o əziz, düşüncəli, ömrü bihudə keçirdiyini düşünən qoca taciri gördüm. Gördüm ki, saysız hesabsız insanları cənnətin darvazası önünə yığıblar. Darvazanın arxasından cənnətin gözqamaşdıran parıltısı və xoş ətiri gəlir. Bir az qabaqda imam Hüseyn bir masaya əyləşib və əlində nələrəsə baxır. Bu adi və solğun masa mənə nədənsə tacirin həyətindəki masanı xatırlatdı. İmamın geyimi və üzü eynən uşaq vaxtı hacı danışanda gördüyüm və unutmadığım o məhzun görüntünün bənzəri idi: başında dəbilqə qara qəba və üstdən yaşıl əbası. Bir nəfər hamıdan önə çıxdı və onun əməl dəftərini mələklər imamın önünə qoydular. İmam dəftəri oxuyub gülümsədi və qol çəkdi. Ardınca mələklər həmin adamı şadyanalıqla cənnətə apardılar. Sonra biri önə çıxdı. İmam əməl dəftərini oxumağa başladı. Ortaya ölü sükut çökmüşdü hamı qorxurdu ki, görəsən nolacaq? İmam qol çəkib cənnətə göndərəcəkmi? Ancaq əməl dəftərini diqqətlə oxuyan imam bir anlıq gözlərini ordan çəkib əlini üzünə dayadı və gözlərinin yaşını silməyə başladı. Həmin adam dizlərini yerə atdı elə ağzını açıb nəsə demək istəyirdi ki, bir anda qeyb oldu, yer yarıldı yerəmi girdi, göyəmi uçdu bilmədik, tək bildiyimiz onun cəhənnəmə getdiyi idi. Ondan sonra yenicə dünyasını dəyişmiş taciri gördüm. O bir addım önə çıxdı. Mən təşviş və həyəcanla ona baxırdım, bu qorxulu gecədə özümü belə unutmuşdum. Görəsən imam onu cənnətə göndərəcəkdimi? Mələklər tacirin əməl dəftərini imamın önünə qoyub geri çəkildilər. İmam dəftəri əvvəlcə qoxuladı sonra xəfifcə elə bil qürur duyurmuş kimi gülümsədi. Dəftəri açdı və əlini tacirin əməllərinin üstünə qoyub imzanı çəkdi. Ardınca mələklər taciri cənnətə apardılar. Yuxunun bu yerində gözlərimi açdım və cəld yerimdə dikəlib gördüyüm nadir yuxunun hər səhnəsini təkrar təkrar zehnimdən keçirməyə başladım. İlahi bu nə idi mən gördüm? Hər dəfə eyni səhnəyə çatanda göz yaşlarım ixtiyarsız süzülüb yanaqlarımı isladırdı.
Səhəri gün yuxumu hacıya danışdım. Hacı bir az düşünüb fikirli- fikirli dedi: tacir həyatının ticarətini elədi və mükafatını aldı.

0 Yorum
Inline Feedbacks
View all comments
Scroll to Top