Nəcəfdən Kərbəlaya

Kərbəlada yaşayanda özümə şərt qoşdum ki hər cümə yağış da tufan da, hər nə çətinlik də olsa nəcəfə gedib İmam Əlinin hərəmini piyada ziyarət edəcəm. Bir iki cümə getdim və gördüm ki əvvəlki həvəsimdən əsər əlamət qalmayıb. Amma yolun əziyyəti və getdiyim məkanın sahibinin kimliyi məni şirnikləndirdi. Daha çox əziyyət çəkməliyəm ki imamın diqqətini çəkə bilim- deyə öz özümə düşünürdüm. Nəcəf yoluna qaranlıq və adamsız düzənlikdən keçirdim. Zil qaranlıqda xurma ağaclarından başqa heç nə görünmürdü. Bu ağaclar da elə bil məni ovsunlayır- hər dəfə onlara baxanda düşünürdüm- sanki zaman maşınıdılar, hər gördüyümdə keçmişə, islamın ilk dövrlərinə qayıdıram.
Hərəmə gedən yolda bir dükançı kişi vardı deyəsən heç müsəlman deyildi ya Əlini qəbul etmirdi bilmirəm. Amma bir dəfə dükandan nəsə alarkən təsadüfən ağzımdan kərbəladan piyada gəldiyimi deyəndə gülməyə başladı. İşin gücün yoxdurmu- sanki gizli bir həqiqəti bilirmiş kimi mənə dedi. Heç nə demədim sakitcə ordan çıxdım. Növbəti cümə dükançı yenə məni gördü. İzdahımın arasından əl edib çağırdı. Elə bil oturub məni gözlürdü. Sən Allah de görüm yenə piyada gəlmisən- maraqla soruşdu. Əlimi çiyninə vurub zarafatla dedim- hər həftə maşınla gəlməyə imkanım yoxdu. Oğul dəyməz , vallah dəyməz, – əllərini görə qaldırdı- bir insanın qəbrini nə qədər ziyarət edərlər. Yenə bir şey demədim, nəm küm edib hərəmə yollandım. Artıq hər cümə nəcəfə gedəndə bilirdim ki dükançı kişi oturub məni gözləyir, yenə də gedəcəm, yenə də başlayacaq ki Əli öldü getdi nə istirsiz ondan. məhəl qoymamağa alışsam da get getdə lağ edirmiş kimi danışmağı heç xoşuma gəlmirdi. Heç qohumlarınızın ziyarətinə bu qədər getmirsiz- gülə gülə deyirdi- olmaya Əli sağdı hərəmdə qonaqlıq verir. Məndən də salam de Əliyə”. Tək təsəllim çəkilən əziyyətlərin bəhrəsiz qalmamasına olan sonsuz və sirli inamım idi. Piyada gəlmək bir yana tanımadığım yaşlı və axmaq bir kişinin dişlərini ağardaraq inancıma lağ etməsi heç də ürəkaçan bir vəziyyət deyildi. Əli sağ olsaydı əminəm ki bu əziyyətlərlə boynuma haqq qoydun deyərdi. Elə indi də deyir.
Sonuncu cümə gələndə artıq səbrim daşdı. Dükançı xurma ağaclarının sehrindən hamarlanmış qəlbimi öz kəskin sözləri ilə cadar cadar elədi. “Əliyə de ki, sənə yemək versin acsan” başını bulaya bulaya dedi. acıqla dükandan çıxdım. Hərəmə girən kimi zərihdən yapışdım. 6 cümədir piyada gəldiyim və içimə, dünyama, xatirələrimə şirin bir naxışla həkk olunmuş bu gümüşü rəngli zərihdən yapışıb qəbrə baxa baxa ürəyimdə gileylənməyə başladım. Ağa, sən baxa baxa gör mənə nələr deyirlər. Onlara bir söz de, ağa, cavabını ver” danışdım danışdım giley güzarımı dedim və acığımı soyutdum. Bütün qəzəbimi bu dilsiz-ağızsız zərihin içinə boşaltdım. Artıq rahat idim və içimə də yüngül bir fərəhlik gəlmişdi. Evə çatanda artıq dükançını belə unutmuşdum. O qədər özümü şad hiss edirdim ki öz dərin və xoş hislərimdən başqa gözümə heç nə görünmürdü. Amma piyada yolun yorğunluğu bədənimi bürümüşdü. Dərhal yuxuya getdim.
Yuxuda gördüm ki yenə nəcəfə imamın hərəminə getmişəm. Amma məndən başqa heç kim yoxdu. Qapıları öpüb içəri girdim və sağa sola boylandım. Ətrafa ölü sükut çökmüşdü. Gözlərimi zərihə dikdim. Qəbir elə bil göz bəbəyi kimi tərpənirdi. Yaxınlaşıb onu yırğalanmasın deyə tutmaq istədim. Elə həmin anda zərihin arxasından əba əmmaməli bir kişi çıxdı. İmam olduğunu anladım və tez yerə çökdüm. Elə bil baxsam gözlərimdən itəcəkdi. Əli ilə çiynimə toxundu və qalx dedi. Məni qucaqladı və gülümsəyərək danışmağa başladı:- O kişiyə heç nə edə bilmərəm- Mən söhbətin dükançıdan getdiyini anladım.
– Niyə ağacan? Təəccüblə soruşdum.
– O bizim boynumuza haqq qoyub.
– Nə haqqı?- eyni təəccüblə soruşdum.
İmam bir az duruxub sonra davam elədi- bir dəfə yolu kərbəladan düşəndə soruşdu ki bu Hüseyn kim olub ki belə hamı axışıb ziyarətinə. Ona Hüseynin hadisəsini danışanda göz yaşını tökərək dedi ki öldürmələrinə bir şey demərəm ama bu isti çöllükdə də adamı susuz öldürərlər heç özü də uşaqları ilə birgə. Mən o göz yaşını tapdalaya bilmərəm.
Əli danışa danışa fikrim İmam Hüseynə getdi və bir də gördüm ki gözlərimdən yaş gəlir. Ağa da məni qucaqlayıb ağlamağa başladı və ikimiz də bir anlıq hər şeyi unudub imam hüseyni yad edərək elə için için ağladıq ki səsimiz bu boş hərəmin içinə yayılaraq divarlaında əks səda verirdi. Mənə elə gəldi ki divarlardan gələn səs bizim əks sədamız deyil elə divarın öz səsidi. Hələ ömrümdə imam hüseynə elə göz yaşı tökməmişdim. Bu göz yaşı gözümdən deyil elə bil həqiqətən ürəyimdən gələn bir kanaldan idi.
Dərhal gözlərimi açıb yuxudan ayıldım. Yoldaşım başımın üstə idi və gözümün yaşını silirdi. Noldu deyə soruşdu- hıçqıraraq – çox şey dedim” məni qucaqladı. Bir neçə dəqiqə o vəziyyətdə qaldıq.

0 Yorum
Inline Feedbacks
View all comments
Scroll to Top